logo logo

Deyilənlərə yox, faktlara inanın

Siyasət

Nigar Arpadarinin beynəlxalq təşkilatlar haqqında iddiası

Nigar Arpadarinin beynəlxalq təşkilatlar haqqında iddiası

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai deyib ki, 44 günlük Vətən müharibəsində əksər təşkilatlar beynəlxalq hüquq prinsiplərinə uyğun olmayan mövqe sərgiləyiblər. 

“Azərbaycanın üzv olduğu BMT, ATƏT, Avropa Şurası, Aİ və digər təşkilatlar çox təəssüf ki, mühüm məqamda böyük oyunçuların təşkilatlar daxilində mövqeyini qoruduqlarını, onların maraqlarını dəstəklədiklərini bariz şəkildə nümayiş etdirdilər”, ‒ deyə Arpadarai vurğulayıb.

“Fakt Yoxla” deputatın iddiasının doğru olub-olmadığını araşdırıb.

Birləşmiş Millətlər Təşkilatının 44 günlük müharibə dövründə verdiyi açıqlamada münaqişənin hərbi yolla həllinin olmadığı vurğulanıb. Qurumun Baş katibi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında danışıqlara qayıtmağa səsləyib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) da Qarabağ müharibəsi ilə bağlı açıqlamasında hər iki tərəfi münaqişəni dayandırmağa səsləmişdi. “Mən hər iki tərəfi ərazidə yaşayan mülki əhalinin maraqları naminə hərbi əməliyyatları dayandırmağa və münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında danışıqları təkrar etməyə çağırıram”, ‒ deyə ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montellinin adından yayımlanan açıqlamada qeyd edilirdi.

Avropa Şurasının müharibə ilə bağlı açıqlamasında da, müharibəni dərhal dayandırmaqla bağlı tərəflərə müraciət edilir. “Dağlıq Qarabağ münaqişəsinin hərbi eskalasiyası ilə bağlı xəbərlərdən  narahatam. Üzv dövlətlərimiz adından Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dərhal dayandırmaqla məsuliyyət və təmkin nümayiş etdirməyə çağırıram. Avropa Şurasına daxil olarkən hər iki ölkə münaqişənin sülh yolu ilə həllinə dair öhdəlik götürüb və bu öhdəliyə ciddi şəkildə riayət edilməlidir”,‒ deyə qurumun Baş katibi Mariya Buric bildirmişdi.

Avropa İttifaqı isə tərəfləri döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa, atəşkəsə ciddi əməl etməyə və ATƏT-in Minsk Qrupu formatında danıqışlara qatıymağa səsləmişdi. Amma BMT, ATƏT, Avropa Şurası və Avropa İttifaqı əvvəlki dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyan və ərazilərinin işğal edilməsini təsdiqləyən sənədlər  (səhifə 5, 525, 578 və 586) qəbul etsə də, müharibə dövründəki açıqlamalarında Ermənistana işğal etdiy ərazilərdən çıxması ilə bağlı çağırışlar etməyiblər. 

Eyni zamanda, BMT Təhlükəsizlik Şurası qətnamələrin icra edilməsi üçün BMT Nizamnaməsinin 42-ci maddəsi əsasında hərbi olmayan təsir vasitələrindən, sanksiyalardan, bu vasitələr effektiv olmadıqda isə hərbi vasitələrdən istifadə etmək hüququ verilsə də,  Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hərbi vasitələrdən istifadə etmək hüququnun olduğu müharibə dövründəki açıqlamalarda vurğulanmayıb.

 “Fakt Yoxla”nın yuxarıda qeyd edilənlərə əsasən gəldiyi nəticəyə görə, Nigar Arpadarainin iddiası yarı doğrudur.

Yarı doğru
  • 31 Yanvar, 2021
  • 1777

Məqaləni paylaş

Öz faktını yoxla
Bizimlə əlaqə